Azərbaycan Respublikası haqqında ümumi məlumat

 

Azərbaycan Respublikası haqqında ümumi məlumat
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.
Alimlər Azərbaycanın Qafqaz dağlarının ətəklərindən tutmuş, Xəzər sahilləri boyunca İran yaylasına qədər uzanan və Azərbaycan türkləri ilə məskunlaşmış bir əraziyə daxil olduğunu hesab edirlər. Əsasən əkinçilik və heyvandarlıqla məşğul olan bu insanlar qeyd etdiyimiz ərazilərdə eramızdan əvvəl VII-VI minilliklərdən etibarən yaşamışdır.
Bu gün alimlər Qobustan qayaüstü rəsmlərini eramızdan əvvəl VIII minilliyə aid edirlər. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.
Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində Azərbaycanda ilk sinifli cəmiyyət yaranmağa başlayır. Bu cəmiyyətdə erkən şəhər sivilizasiyasının və erkən dövlət qurumlarının əlamətləri özünü büruzə verir. Elə bu zaman qədim Arattada erkən Kuti və Lullubi tayfa ittifaqları formalaşır. Qədim mixi mənbələrə görə eramızdan əvvəl III minilliyin 1-ci yarısında Urmiya gölünün cənub və cənub-şərq hövzəsinə qədər olan ərazidə ilk Azərbaycan dövləti - Aratta yaranmışdır. Eramızdan əvvəl 2300-cü ildən etibarən Urmiya gölünün cənub ərazisində ikinci qədim Azərbaycan dövləti-Lullubi yarandı. Eramızdan əvvəl III minilliyin 2-ci yarısında Urmiya gölünün qərb və cənub-qərb hövzəsində isə qədim Kuti dövləti yaranmışdır. Eramızdan əvvəl 2175-ci ildə Kutilər Şumer və Akkadlara qalib gələrək onların üzərində 100 il hökmranlıq etmişlər.
Qədim Azərbaycan ərazisində məskunlaşmış türkdilli xalqlar lap qədim dövrlərdən bəri atəşpərəst olmuşlar. Onlar dünyanın ən qədim dinlərindən biri olan Zərdüştlük dininə sitayiş edirdilər.
Eramızdan əvvəl IX əsrin ortaları – VII əsrlərdə Urmiya gölü ərazisində idarəçiliyi digər qədim Azərbaycan dövləti - Manna ələ aldı. Eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanın cənub-qərbində Kimmer-Skit-Sak şahlığı təşəkkül tapmışdır. Eramızdan əvvəl VI əsrin əvvəllərində qədim Manna süquta yetirildi.
Eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində Azərbaycanın şimalında cənub sərhədləri Araz çayı ilə hüdudlanan qədim Albaniya dövləti yarandı. Qədim Albaniya ərazisinə əksəriyyəti türk dilində danışan müxtəlif xalqlar daxil idi. Eramızdan əvvəl 313-cü ildən etibarən Albaniyada xristianlıq qəbul olunmağa başladı. Albaniya ərazisinə indiki Dağlıq Qarabağ ərazisi də daxil idi ki, bu da o zamanlar Arsax adlandırılırdı.
Eramızdan əvvəl IV əsrdə Azərbaycanın cənubunda qədim Atropatena dövləti yaranmışdır. Bu zaman Atropatena qədim ellinizmin böyük təsirinə məruz qalmışdır.
I-IV əsrlərdə bütün Qafqaz romalıların əsarəti altında qaldığı halda Albaniya öz təhsili, dili, mədəniyyəti ilə inkişaf edən və siyasi cəhətdən müstəqil olaraq qalmaqda davam edən yeganə dövlət idi. Alban kilsəsi digər xristian kilsələrindən azad idi və Şimali Qafqazda və türkdilli xalqlar arasında xristianlığı təbliğ edirdi.
Ərəblərin müdaxiləsindən sonra Azərbaycanda İslam dini VIII əsrin əvvəllərindən başlayaraq hakim dinə çevrildi. Albanların da əksəriyyəti islam dinini qəbul etdi. Yalnız xırda azlıqlar öz əvvəlki dinlərində qalmaqda idilər. Alban və Atropatena əhalisinin vahid bir dövlətdə birgə yaşaması və eyni dinə etiqad etmələri Azərbaycan xalqının daha da möhkəmlənməsinə gətirib çıxardı.
IX əsrin əvvəllərində Azərbaycanda Babəkin rəhbərliyi ilə Xürrəmilər hərəkatı geniş vüsət almağa başladı. Bu hərəkatın əsasında azadlıq, müstəqillik, ümumi bərabərlik ideyaları dururdu.
IX əsrdə yerli əhali tərəfindən Xilafət əleyhinə qaldırılan üsyanların ardınca Azərbaycan ərazisində bir neçə yeni dövlət yarandı. Bunlardan ən güclüsü paytaxtı Şamaxıda yerləşən və Məzyədilər sülaləsi tərəfindən idarə olunan Şirvanşahlar dövləti idi. XVI əsrə qədər yaşayan bu dövlət orta əsr Azərbaycan tarixində böyük rol oynamışdır. IX-XI əsrlərdə Azərbaycan ərazisində Sacilər, Salarilər, Rəvvadilər (paytaxtları Marağa, Ərdəbil və Təbriz şəhərləri olmuşdur), Şəddadilər (paytaxtı Gəncə şəhəri olmuşdur) kimi müstəqil dövlətlər yaranmışdır. XI əsrin sonlarından etibarən Azərbaycanda idarəçiliyi Səlçuqilər sülaləsi ələ almışdır. 1136-1225-ci illərdə Azərbaycanda hakimiyyətdə Atabəylər-Eldəgizlər olmuşdur.
Səlçuqilərin yerli əhali ilə eyni dinə (islam), dilə (türk) və mənşəyə malik olmaları Azərbaycan xalqının birləşməsi və möhkəmlənməsi üçün münbit şərait yaratmış oldu. Bu dövr Azərbaycanın mədəniyyəti tarixində çiçəklənmə dövrü hesab edilir. Məhz bu dövrdə Azərbaycan dünya tarixinə məşhur filosoflar, memarlar, şairlər və alimlər bəxş etmişdir. Dünya mədəni irsinin böyük xəzinələrindən olan şair, filosof Nizami Gəncəvinin (1141-1209) yaradıcılığı bu dövrdə Azərbaycanın ictimai və mədəni şüurunda böyük irəliləyişə səbəb olmuşdur. XII-XIII əsrlər Qarabağın dağlıq hissəsində Alban hökmdarları tərəfindən idarə olunan Xaçın knyazlığının çiçəklənmə dövrü hesab edilir. 1215-1262-ci illərdə Həsən Cəlalın hakimiyyəti Albaniyanın dirçəlişi dövrünə təsadüf edir. Bu dövrdə Qanzasar məbəd kompleksinin tikilişi başa çatmışdır ki, onun da kafedral kilsəsi Alban katolikosu tərəfindən xeyir-dua verilən erkən kilsənin mərkəzi olmalı idi.
XIII əsrin ortalarından etibarən Azərbaycan dövlətləri Monqol Hülakilər sülaləsinin (1258-1356) vassalına çevrildilər. XIV əsrin ortalarında yerli əhalinin işğalçılardan yaxa qurtarmaq məqsədi ilə qiyamlarından sonra Azərbaycan zadəganlarının köməyi ilə yerli Cəlairi feodalları Azərbaycanda hakimiyyətə gəldi və yeni Cəlairilər dövləti (1359-1410) yarandı.
XIV əsrin sonlarında etibarən Azərbaycan dəfələrlə Teymurilərin hücumlarına məruz qalmış və onların Qızıl Orda ilə olan döyüşlərinin meydanına çevrilmişdir.
1410-1468-ci illərdə Azərbaycanda hakimiyyəti Qaraqoyunlular, 1468-1501-ci illərdə isə Ağqoyunlular sülaləsi ələ almışdır. Bu dövrlərdə Azərbaycan daha da güclənmişdir. 1501-ci ildə Azərbaycanda paytaxtı Təbriz şəhəri olan Səfəvilər dövləti yarandı. Bu sülalənin hakimiyyəti altında tarixdə ilk dəfə olaraq bütün Azərbaycan torpaqları birləşdirildi və vahid Səfəvilər dövləti yarandı. Səfəvilər dövlətinin sərhədləri Amudərya çayından Fərat çayına, Dərbənddən Fars körfəzi sahillərinə qədər uzanırdı. Sırf Azərbaycan dövləti kimi yaranan bu siyasi qurumun rəhbərliyində Azərbaycanın feodal zadəganları dururdu. Bütün rəhbər heyət: hərbi sərkərdələr, əyalət hakimlərinin hamısı Azərbaycan zadəganlarından təyin olunurdu. Səfəvilər dövlətinin rəsmi dili Azərbaycan dili idi. XVI əsrin sonlarında Səfəvilər dövlətinin paytaxtı İsfahana köçdü, onun hökmdarının əsas dəstəkçisi isə fars zadəganları oldular. Azərbaycan zadəganları tərəfindən idarə olunan bu dövlət daha çox farspərəst təmayüllü bir dövlətə çevrildi.
XVIII əsrin ortalarında İran şahlarının Azərbaycan ərazisindəki hökmdarlığının zəiflədiyi bir dövrdə, ölkə 20 xanlığa parçalandı. Bunlar Ərdəbil, Gəncə, Dərbənd, İrəvan, Cavad, Qarabağ, Qaradağ, Xoy, Maku, Marağa, Naxçıvan, Quba, Bakı, Sərab, Şirvan, Şəki, Təbriz, Talış və Urmiya xanlıqları idi. Bu xanlıqlardan əlavə, Qazax, Səmşədil, İlisu, Ərəş və Qəbələ sultanlıqları da yarandı. Müsəlman azərbaycanlıların və Xristian Albanların məskunlaşdığı Yuxarı Qarabağ, Qarabağ xanlığının ayrılmaz bir hissəsi oldu. Qarabağ xanlığı Kür və Araz çayları arasındakı ərazini əhatə edirdi. Bundan başqa, Qarabağın dağlıq ərazilərində Dizag, Vərəndə, Xacın, Ciləberd və Gülüstan məliklikləri də yarandı. Bu məlikliklər vassal qismində Qarabağ xanlığında asılı idilər.
XVIII əsrin sonunda və XIX əsrin əvvəllərində Azərbaycan uğrunda farslar, ruslar və osmanlılar döyüşürdülər. Onların hər biri Azərbaycanın əlverişli geosiyasi mövqeyindən istifadə etmək istəyirdilər. Xanlıqların bəziləri müstəqillik uğrunda mübarizə aparsalar da digərləri öz maraqlarını qorumaq üçün vassal olmaları ilə razılaşmışdılar.
1805-ci il mayın 14-də Kür çayının kənarında İbrahim Xəlil Xanın imzaladığı sənəd əsasında müstəqil Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Bu sənəd indiki dövrdə müəyyən əks-səda yaradıb. Belə ki, bu sənəd Qarabağ xanlıqlarının tarixən Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut edir.
1804-1813-cü illərdə Azərbaycan xanlıqları uğrunda başlanan Rusiya-İran müharibəsi Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi ilə nəticələndi. 1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında imzalanmış Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqlarından başqa bütün şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildi. İkinci Rusiya-İran müharibəsi (1826-1828), 1828-ci il fevralın 10-da imzalanmış və Türkmənçay sülh müqaviləsi ilə nəticələnmişdir. Bu müqavilə, İranın şimali Azərbaycana olan iddialarından əl çəkdiyini təsdiqlədi, Naxçıvan və İrəvan xanlıqları isə Rusiyaya birləşdirildi. Bununla sırf Azərbaycana məxsus qeyd olunan xanlıqlar, Qarabağ xanlığı da daxil olmaqla Rusiyaya birləşdirilmişdir.
Türkmənçay müqaviləsinin və 1829-cu ildə bağlanmış Ədirnə sülhünün şərtlərinə görə İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Azərbaycan ərazisinə, ilk növbədə Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürüldü.
1877-1878-ci illərdə Türkiyə ilə Rusiya müharibəsi nəticəsində Rusiya Qars və Ərdahanı ələ keçirərək buradan müsəlmanları köçürüb və 70 min ermənini onların evlərində yerləşdirib. 1895-1896-cı illərdə isə 60 minə yaxın erməni Rusiyanın nəzarəti altında olan Qafqazda məskunlaşdırılıb. Nəhayət, I Dünya müharibəsi zamanı baş verən mühacirətlərin nəticəsində Qafqazda yaşayan 400 min müsəlman Şərqi Anadoludan köçürülən 400 min erməni ilə əvəz edilib.
Öz məqsədlərinə çatmaq üçün Ermənilər çar Rusiyasını inandıraraq Azərbaycana tabe olan Alban Xristian patriarxının ləğvinə, onun mülkünün isə erməni kilsəsinə verilməsinə nail olurlar. Dövlət suverenitetini və etiqadlarını itirən qədim Albaniyanın qərbində, yəni Qarabağda məskunlaşan yerli alban əhalisi erməniləşməyə məruz qalırlar. Ermənilərin bura axını isə davam edir.
XIX əsrin ortalarından etibarən, şimali Azərbaycanda neft sənayesi çiçəklənməyə başladı. Dünyada birinci sənaye xarakterli neft quyusu 1848-ci ildə Bakıda qazılıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Rusiyada istehsal olunan neftin 95%-ni və dünya neftinin 50 %-ni verirdi.
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini Azərbaycan mədəniyyətinin tərəqqi dövrü adlandırmaq olar. 1908-ci ildə, məşhur bəstəkar Üzeyir Hacıbəyov müsəlman dünyasında ilk operanı - "Leyli və Məcnun"u yazdı. Ümumiyyətlə, ölkənin musiqi mədəniyyəti o dərəcədə inkişaf etmişdi ki, Azərbaycan "Şərqin konservatoriyası" və ya "Şərqin İtaliyası" adlandırılırdı.
Milli və mədəni oyanış digər sahələrdə də özünü büruzə verirdi. XIX əsrin ortalarından etibarən milli maariflənmə ideyası yayılmağa başladı. Nəticədə 1858-ci ildə Təbrizdə, Azərbaycanlı ziyalıların səyləri nəticəsində "Azərbaycan" qəzeti çap olundu. Bu Azərbaycan dilində nəşr olunan ilk qəzet idi və uzun illər müxtəlif adlar altında fəaliyyətini davam etdirmişdi.
1875-1877-ci illərdə Şimali Azərbaycanda, ziyalı Həsən bəy Zərdabinin rəhbərliyi altında "Əkinçi" qəzeti işıq üzü gördü. "Əkinçi" qəzetinin nailiyyətlərindən ən əsasın milli dilin zənginləşdirilməsi və onun istifadəsinin genişləndirilməsi olub.
Eyni zamanda, milli mədəni tərəqqinin inkişafına xidmət edən bir sıra məşhur ədəbi xadimlər formalaşdı. Bunların arasında Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Firudin bəy Köçərlini, Əhməd Cavadı xüsusi ilə qeyd etmək lazımdır. Rəssamlıq, memarlıq, teatr və kinematoqrafiya sahələrində da buna bənzər irəliləyişlər müşahidə olunurdu.
Milli-mədəni oyanış həmçinin Azərbaycan cəmiyyətinin siyasi təşkilatlanmasına və həmrəy olmasına ciddi təsir göstərdi. Rusiyada yaşayan azərbaycanlılar imperiya tərkibindəki müsəlmanların hüquqlarının müdafiəsi hərəkatının ilk banilərindən oldular. Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topçubaşov "İttifaqı Müslimi" (Müsəlmanların İttifaqı) təşkilatının banilərindən biri hesab olunur.
XX əsrdə baş qaldıran siyasi şüurdan danışarkən Əhməd bəy Ağa oğlunun və Əli bəy Hüseynzadənin fəallığını xüsusi ilə qeyd etmək lazımdır. Bu xadimlər Azərbaycan ideyasının formalaşmasına kömək etmiş, xalqın mənəvi müstəvidə həmrəy olmasına nail olublar. Onlar müasir dünyanın dəyərlərinin türk və islam adətlərinə uyğunlaşdırmağa çalışıblar.
1905-1911-ci illərdə davam edən ictimai və siyasi proseslərin bilavasitə nəticəsi kimi, Təbrizdə 1920-ci ildə Şeyx Xiyabaninin hərəkatı formalaşdı. Sonradan, 1945-ci ildə Cənubi Azərbaycanda parlamentin və hökumətin qurulması İranda yaşayan azərbaycanlıların siyasi mədəniyyətinin kifayət qədər inkişaf etdiyini nümayiş etdirir. Ümumiyyətlə, XIX əsrin sonu və XX əsrin birinci yarısında İranda baş verən demokratik proseslərin özəyi Cənubi Azərbaycan hesab olunur.
Rusiyadakı 1917-ci il inqilabından sonra, çar imperiyasının zəifləməsi və parçalanması prosesi sürətlənməyə başladı və Rusiyanın ucqar bölgələrində müstəqil dövlətlər yaranmağa başladı. Belə ki, 1918-ci il mayın 28-də Cənubi Qafqazın şərq hissəsində Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu, İslam şərqində ilk parlamentli demokratik dövlət idi. Bu hadisə Azərbaycan millətinin etnik mənşəyinin və dövlətçiliyinin formalaşmasında tarixi rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin həm bir millət, həm də dövlət kimi çiçəklənməsində Azərbaycançılıq ideyasının əhəmiyyəti böyükdür. Bu ideya müasirlik, islam, türkçülük prinsiplərini özündə birləşdirir və Azərbaycan xalqının islama və türk mədəniyyətinə sadiq qalaraq, həmçinin özünəməxsus etnik keyfiyyətlərini tərənnüm edirdi.
Cəmi iki ilə kimi qısa bir müddətdə mövcud olmasına baxmayaraq, çoxpartiyalı Azərbaycan parlamenti və koalisiya hökuməti dövlət quruculuğu, təhsil, ordunun yaradılması, müstəqil maliyyə və iqtisadi sistemlərin inkişaf etdirilməsi sahələrində bir sıra mühüm addımlar atmağa nail oldu və eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən tanındı. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Azərbaycan Respublikasını de-fakto tanıdı.
Rusiya Sovet Sosialist Federativ Respublikasının bolşevik hökumətinin Azərbaycan Xalq Cümhuriyyətini tanımaq istəməməsi, XI Qızıl Ordunun 1920-ci ilin yazında Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərinə yerləşməsi, ermənilərin Qarabağda və Zəngəzurdakı zorakılığı, bolşeviklərin dinc azərbaycanlı əhaliyə qarşı terrorları, ölkədə mövcud olan sosial-iqtisadi böhran və bu kimi amillər Azərbaycan Xalq Cümhuriyyətinin tənəzzülü və 1920-ci ilin aprelin 27-si gecə 11-ci Qızıl ordu tərəfindən işğalı ilə nəticələndi.
Sonrakı 70 il ərzində Sovet İttifaqının tərkibində olan Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələyə qədəm qoydu. Bu dövr ərzində Azərbaycan ictimai, iqtisadi və mədəniyyət sahəsində ciddi irəliləyişlər əldə etdi. Eyni zamanda, digər SSRİ respublikalarında olduğu kimi, Azərbaycanda da sovet dövrünün mənfi xüsusiyyətləri özünü büruzə verirdi.
İqtisadi cəhətdən Azərbaycan Sovet iqtisadiyyatı üçün neft, xammal və kənd təsərüfatı anbarına çevrildi. Mədəni sahədə, latın əlifbasının kiril əlifbası ilə əvəz olunması Azərbaycanın ədəbi və mədəni irsi ilə bağlarına ciddi zərbə vurdu. Sovet rejimi Azərbaycan ziyalılarının milli mənsubiyyət və tarixi həqiqətləri üzə çıxartmaq səylərini təqib edirdi... >>> 
daha ətraflı

Previous Post Next Post