ŞUŞA – QƏDİM AZƏRBAYCAN DİYARI

 

ŞUŞA – QƏDİM AZƏRBAYCAN DİYARI
6Hazırda erməni işğalı altında olan Şuşa şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri vardır. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin” [6, s. 112]. Dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi. 1756-cı ildə təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı.

Azərbaycanın ən gözəl guşələrindən olan Qarabağı, o cümlədən Şuşanı işğal etmiş ermənilər öz qəsbkarlıq siyasətini tarixi faktları saxtalaşdırmaqla pərdələməyə çalışır, Şuşanı “erməni mədəniyyətinin beşiyi” kimi qələmə verməyə cəhd göstərirlər. Tarixi faktlar isə erməni “mütəxəssislərin” tam yalan danışdıqlarını göstərir. Buna əmin olmaq üçün şəhərin yaranma və inkişaf tarixini özündə əks etdirən məhəllə və küçə adlarına, eləcə də əhalisinin milli tərkibinə nəzər salmaq kifayətdir.

Mövcud materialların təhlili göstərir ki, Şuşanın bir şəhər kimi formalaşması üç mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi olan “Təbrizli” məhəlləsi salınmışdı.

Qarabağ xanlığının ləğv edilməsinə qədər bu adla tanınan məhəllə sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çöl qala [2, s. 277].

Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq bu məhəllənin ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.

Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü əhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan əhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir [7, s . 38].

Yeni yarandığı dövrdə Şuşa cəmisi 162 ailənin yaşadığı kiçik bir yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədinin məlumatından aydın olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi

[10, s. 4-5]. Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoymuş və ilk dövrdə burada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif ahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə

çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq XVIII əsrin sonu –XIX əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı [3, s. 50]. Əgər hər ailənin, orta hesabla, 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb gələnlər təşkil edirdi.

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlər dövründə erməni kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhali də var idi. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər təşkil edirdi. Lakin “Qarabağ əyalətinin təsviri” adlı sənədin məlumatları əsasında apardığımız hesablamalardan məlum olur ki, bu əhali Şuşada yaşayan bütün əhalinin cəmisi 27 % -ni təşkil edirdi [10, s. 13-18].

XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi.

Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin sayının sürətlə artması Rusiyanın 1828-ci ildə İranla imzaladığı Türkmənçay və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə Rusiya təkcə 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü [13, s. 47]. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra dönməz xarakter almış və getdikcə güclənmişdi. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. Rus qafqazşünası N. Şavrov yazırdı ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu gəlmədir [13, s. 64] .

Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840 – cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi.

Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanda yaranmış siyasi sabitlik Şuşada da əhalinin sayının artmasına gətirib çıxardı. XIX əsrin 70-ci illərindən başlayaraq fabrik-zavod istehsalının yaranması ilə əlaqədar işçi qüvvəsinə tələbatın artması da şəhərdə əhali artımını xeyli sürətləndirdi. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25.881 nəfər təşkil etmişdi. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43.869 nəfərə çatmışdı [12, s. 49-50].

Lakin Şuşada müşahidə edilən bu artım heç də şəhərin köklü sakinləri olan azərbaycanlıların hesabına baş verməmişdi. Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə qədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca surətlə artmasına gətirib çıxartdı. Təkcə onu göstərmək kifayətdir ki, Şuşada əhalinin ümumi sayı 1897-ci ildə 25.881 nəfərdən artıraraq 1913-cü ildə 42.568 nəfərə çatdığı halda, azərbaycanlıların sayı (10 min nəfər) faktiki olaraq dəyişməz qalmışdı. XIX əsrin sonu - XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Belə ki, burada 1870-ci ildən 1917-ci ilə qədər baş vermiş

23.924 nəfər əhali artımının 9.400 nəfəri təbii artımın payına düşdüyü halda, 14.524 nəfəri mexaniki artımın, daha doğrusu, köçkün ermənilərin payına düşmüşdü.

Çar hökumətinin himayədarlığı ilə Şuşada say üstünlüyünə nail olan ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da təpədən dırnağa qədər silahlanmış ermənilər azərbaycanlılar üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı daha böyük vəhşiliklər törətdilər. Bu dəfə onlara ruslar da köməklik göstərirdilər. M.S. Ordubadi yazır ki, 1906-cı il iyun ayının 12-də “bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində erməni [məhəllələrinin] sərhədində olan bütün müsəlman evləri yandırılıb top zərbələri ilə dağıldı” [8, s. 61].

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı, sözün əsl mənasında, soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1922-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi.

Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyata keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu [4, s. 64-66].

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli palanları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi.

Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi [5, s. 48-51].

İnzibati mərkəz statusundan məhrum edilməsi Şuşanın sonrakı həyatına ciddi təsir göstərdi. Respublika və vilayət rəhbərliyinin laqeyd münasibəti nəticəsində şəhər özünün əvvəlki görkəmini və şöhrətini itirməyə başladı. Uzun müddət burada nəinki heç bir tikinti-abadlıq işləri görülmədi, əksinə, tarixi-memarlıq abidələrinin bəziləri vəhşicəsinə dağıdıldı.

İbrahimxəlil xanın “Xəzinə qayasın”da inşa etdirdiyi saray, hərəmxana, tövlə, hamam və qoşun sığınacaqlarından ibarət kompleksin dəmirləri, çərçivələri II Dünya müharibəsi illərində çıxarılıb aparılmış, binalar isə tədricən dağılaraq yararsız hala salınmışdı. Şuşanın tarixi-memarlıq abidələrinin dağıdılması sonrakı illərdə də davam etdirilmişdi.

Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun, qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet dövlətinin başçısı N. S. Xruşşovun təşəbbüsü ilə rayonların iriləşdirilməsi siyasətinin həyata keçirilməsindən DQMV-nin erməni rəhbərliyi Şuşaya qarşı istifadə etdi. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N. S. Xruşşovun hakimiyyətdən

uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi [5, s. 69-70] .

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinə bəslənilən ögey münasibət burada yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük və abad şəhərlərindən biri olmuş Şuşada, təxminən 50 il ərzində, əhalinin sayı 3 dəfədən də çox azalmışdı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı cəmisi 13.664 nəfər təşkil etmişdi. Sovet hakimiyyəti dövründə Şuşada yaşayan əhalinin milli tərkibi də ciddi dəyişikliyə məruz qaldı. Şuşanın Qarabağın mərkəzi statusundan məhrum edilməsi, uzun illər ərzində şəhərə bəslənilən ögey münasibət ona gətirib çıxardı ki, çar hökumətinin köçürmə siyasəti dövründə burada yerləşdirilmiş ermənilər tədricən onu tərk etdilər. 1970-ci ildə şəhərdə yaşayan 13.664 nəfər əhalinin yalnız 3577 nəfərini ermənilər təşkil edirdi. Sonrakı illərdə bu tendensiya daha da güclənmişdi. 1989-cu ildə Şuşada yaşayan 20.579 nəfər əhalinin cəmisi 1.377 nəfəri ermənilərdən ibarət idi [2, s. 210] .

Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə H.Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mümkün oldu. Respublikanın yeni rəhbəri ilk növbədə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər gördü. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının

dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s. musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verildi.

H. Əliyevin təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin korifeyləri olan Ü.Hacıbəyovun, Bülbülün, X.Natəvanın, M.M.Nəvvabın ev muzeyləri təşkil olundu. 1982-ci ilin yanvarında M.P.Vaqifin məqbərəsi açıldı. Hündürlüyü 20 m olan bu gözəl incəsənət əsəri incə və naxışlı şəbəkə ilə bəzədilmiş, ona qırmızıya çalan yerli mərmərdən üz çəkilmişdi.

Lakin Şuşada başlanmış bu dinc quruculuq işləri uzun çəkmədi. 8 may 1992-ci ildə şəhər erməni vandalları tərəfindən işğal edilərkən amansız şəkildə dağıdıldı. Hazırda erməni işğalı altında olan Şuşa azad ediləcəyi günü böyük səbirsizliklə gözləyir.

 

Camal Mustafayev

tarix elmləri doktoru, professor

 

QƏDIM ŞUŞANIN TARIXI VƏ MEMARLIQ ABIDƏLƏRI

 

1. Qala divarı (uzunluğu 8 km)

2. Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd)

3. 17 qədim üslübda salınmış məhəllə

4. 17 məscid

5. 17 bulaq

6. 17 hamam

7. Meydan bulağı

8. İsa bulağı

9. Saxsı bulaq

10. Turşsu Qalereyası

11. Karvansaray (4 ədəd)

12. Şahlıq körpüsü

13. Gəncə qapısı

14. Mirzə Həsən qəbiristanlığı

15. Şor bulaq

16. Mirfəseh qəbiristanlığı

17. Rasta bazar

18. Torpaq meydan

19. Zarıslıda Korun karvansarayı

20. Təzə məhəllədə körpü

21. Ü.Hacıbəyovun heykəli

22. Bülbülün büstü

23. H.Hacıbəyovun büstü

24. Cıdır düzü

25. Topxana meşəsi

26. Ağaböyük Xanımın bürcü

27. Malıbəylidə Qızlar məktəbi

28. Un dəyirmanı

29. Kəlba Şəhriyarın bağı

30. Mirfəseh bağı

31. "Həzrət Əli" kahası

32. "Qızıl qaya"

33. Səkili bulağı

34. Qotur bulağı

35. Şəmilin bağı

36. Hacıyevlərin armud bağı

37. Ağabəyim Ağanın qəsri

38. Bəhmən Mirzə Qacarın saray kompleksi

39. Bəhmən Mirzənin hərəmxanası

40. Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı

41. Qacarların məqbərə kompleksi

42. Qulam Şahın malikanəsi

43. Əsəd bəyin malikanəsi

44. Mamay bəyin malikanəsi

45. Şeytana bazar

46. Əfsanəvi Leyli qalası

47. Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı"

48. Məhəmməd Həsən Ağanın imarəti

49. Qarabağ xanlığının Divan kompleksi

50. "Həzrət Abbas Şəfa ocağı"

51. Dəlik-daş pilləkan kompleksi

52. Qarabaş Qazisinin mülkü

53. Şuşa Ovdan bulağı

54. Vaqif poeziya evi

55. M.P.Vaqifin məqbərəsi

56. M.P.Vaqifin müəllimlik etdiyi bina

57. M.P.Vaqifin büstü

58. M.P.Vaqifin evi

59. Xan qızı Xurşud Banu Natəvanın sarayı

60. Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi

61. X.B.Natəvanın büstü

62. X.B.Natəvanın tikdirdiyi "Qarama"

63. X.B.Natəvanın tikdirdiyi həbsxana

64. Aşağı Gövhər Ağa Məscidi

65. Yuxarı Gövhər Ağa Məscidi

66. Malıbəyli Məscidi

67. Qaybalı Məscidi

68. Şırlan məscidi

69. Alban kilsəsi

70. Rus kilsəsi

71. Hacı Qulamın mülkü

72. M.M.Nəvvabın mülkü

73. M.M.Nəvvabın abidə kompleksi

74. Nəcəfqulu Ağanın mülkü

75. Ağa-Əbdürrəhim Ağanın evi

76. Hacı Bəşirin mülkü

77. Cabbar Qaryağdı oğlunun mülkü

78. Mirzə Hüseynin mülkü

79. Mirəlibəyin mülkü

80. Seyid Məcidin mülkü

81. Kəlba Şirinin mülkü

82. Öpənnik Qara Zeynalın mülkü

83. Fərzalı bəyin mülkü

84. Allahverənli Kəlba Şirinin mülkü

85. Çuxur məhəllədə Kal Həsənin evi

86. Təzə məhəllədə Xayatlılar Mehdinin evi

87. Çuxur məhəllədə Kürd uşağının evi

88. Məşədi Qəhrəmanın mülkü

89. Quyruq məhəlləsində Məşədi Teymurun evi

90. Mehmandarovun ev kompleksi

91. Zöhrabbəyovların evi

92. İbrahim xanın mülkü

93. Sadıqcanın qəsri

94.Uluq bəyin evi

95. Quyruq məhəlləsində Sadıq bəyin mülkü

96. Cəlal bəyin evi

97. Nəcəf bəy Vəzirovun mülkü

98. Virudin bəy Köçərlinin mülkü

99. Süleyman Sani Axundovun mülkü

100. İsmayıl bəyin evi

101. Məşədi Şirinin mülkü

102. Gəraf Əsgərovun mülkü

103. Ağamirovların mülkü

104. Hüsü Hacıyevin mülkü

105. Hüsü Hacıyevin büstü

106. Kəlba Hüseynin evi

107. Yusif Vəzir Çəmənzəmənlinin mülkü

108. Mir Həsən Vəzirovun mülkü

109. Qaraşovların mülkü

110. Hüseyn Qayıbovun mülkü

111. Q.B.Zakirin yaşadığı ev

112. Q.B.Zakirin qəbirüstü abidəsi

113. Hacı Dadaşın mülkü

114. Əbdülrəhim bəy Haqverdiyevin evi

115. Hacı Şükürün imarəti

116. Qədimovların mülkü

117. Ü.Hacıbəyovun ev muzeyi

118. Bülbülün ev muzeyi

119. Xalça muzeyi

120. Rəsm Qalereyası

121. Tarix Diyarşünaslıq muzeyi

122. Qarabağ Dövlət tarixi muzeyi

123. Azərbaycanda ilk "realnı uçiliş"in binası

124. Yaşıl aptek

125. Mədəniyyət evi

126. Külli miqdarda gümüş və mis qablar

127. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində)

128. Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi

129. Tarixin yaddaşı olan Daş Kitabələr

Qeyd: Yuxarıda göstərildiyi kimi şəhərdə 17 məhəllə, hər məhəllənin öz məscidi, bulağı və hamamı olmuşdur.

MƏHƏLLƏLƏRİN ADLARI:

1. Urudlar

2. Seyidli

3. Culfalar

4. Quyuluq

5. Çuxur

6. Hacı Yusifli

7. Dördlər Qurdu

8. Dörd Çinar

9. Çöl Qala

10. Köçərli

11. Mamayı

12. Merdinli

13. Saatlı

14. Dəmirçilər

15. Hamamqabağı

16. Təzə məhəllə

17. Xocamircanlı

Əldə olunan məlumata görə, Şuşada mövcud olmuş və Azərbaycana aid olan bütün tarixi, mədəni, memarlıq abidələri

və müqəddəs dini inanc yerləri erməni silahlıları tərəfindən məhv edilmişdir.

 

AZƏRBAYCANDA MƏDƏNIYYƏTIN INKIŞAFINDA ŞUŞANIN ROLU

Qədim diyar, odlar yurdu Azərbaycanın füsunkar təbiətli, mədəniyyətimizin laylası Şuşa bu gün tarixinin qara səhifələrini yaşasa da, onun əsrlərdən gələn sazlı, sözlü, nəğməli sədası xalqın yaddaşındadır.

Aşıqlar, xanəndələr, şairlər yetişdirən bu torpaq dünyaya xalqımızın zəngin mədəniyyətini tanıtdıran bir çox görkəmli şəxsiyyətlərin vətəni olmuşdur.

 

ŞUŞANIN GÖRKƏMLI ŞƏXSIYYƏTLƏRI HAQQINDA

 

Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Bu şəhər məşhur ədiblərin, şairlərin, görkəmli bəstəkarların, incə səsli xanəndələrin Vətənidir.

Azərbaycan ədəbiyyatında tənqidi realizmin və satirik ədəbi cərəyanın ilk bünövrəsini qoyanlardan biri Qasım bəy Zakir (1784-1857) Şuşada doğulmuşdur. Şuşanın yetişdirdiyi istedadlardan biri Xurşud banu Bəyim (Natəvan) (1830-1897)  XIX əsrin ən görkəmli Azərbaycan şairəsidir. O, Qarabağda "Xan qızı" adı ilə məşhur olmuşdur. Natəvan həm şairə, həm də rəssam idi.

XIX əsrin qabaqcıl şəxslərindən olan Mir Möhsum Nəvvab (1833-1918) Şuşada anadan olmuşdur. O, şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçı və hipnozçu idi.

Şuşanın yetişdirdiyi məşhur sənətkarlardan biri də XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirovdur (1854-1926). N.Vəzirov realist sənətkar, tragediya janrının banisi kimi tanınmaqla yanaşı, istedadlı publisist və ilk felyetonist kimi də məşhurdur.

Şuşa şəhərində mədəniyyətin, xüsusilə incəsənətin inkişafında Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) böyük xidmətləri olmuşdur. M.F.Axundovun, N.Vəzirovun ənənələrini davam etdirən Ə.Haqverdiyev mədəniyyət tariximizdə istedadlı dramaturq, nasir, rejissor və görkəmli alim kimi məşhurdur.

Son dərəcə gözəl, maraqlı hekayətləri və tarixi romanları ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan istedadlı ədiblərdən biri də Yusif Vəzir Çəmənzəminlidir (1887-1943).

Firidun bəy Əhmədağa oğlu Köçərli (1863-1920) Şuşada anadan olmuşdur. O, tənqid və ədəbiyyatşünaslığın ən görkəmli nümayəndələrindəndir. Firidun bəy uzun illər Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olmuş, "Azərbaycan türklərinin ədəbiyyatı" adlı iri həcmli əsərini yazmışdır.

XX əsrin əvvəllərində görkəmli jurnalist və yazıçı kimi məşhur olan Hasim bəy Vəzirov (1868-1916) Şuşada anadan olmuşdur. Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmişdir. Şuşanın yetirdiyi şəxsiyyətlərdən biri də məşhur həkim və ictimai xadim Kərim bəy Mehmandarovdur. Onun təşəbbüsü və şəxsən köməyi ilə 1912-ci ildə Şuşada birinci rus-müsəlman qadın məktəbi açılmışdır.

Şuşanın tarixində Gövhər Ağa, Xurşud Banu Natəvan, Ağabəyim Ağa, Fatma xanım Kəmirə və Leyla xanım kimi məşhur qadınlarla birlikdə Həmidə xanımın da adı hörmətlə çəkilir. Həmidə xanım Cavanşir (1873-1955) İbrahim xanın nəslindən olub, Qarabağ tarixçisi Əhməd bəy Cavanşirin qızı, Mirzə Cəlilin (Molla Nəsrəddin) həyat yoldaşıdır. Onun ən qiymətli əsəri "Mirzə Cəlil haqqında xatirələrim"dir.

Şuşanın yetirdiyi istedadlı qadınlardan biri də məşhur elm xadimi, Azərbaycanın ilk alim qadını Validə Xaspolad qızı Tutayukdur (1914-1980). Biologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan Validə xanım Respublika Botanika İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Azərbaycanın maarif xadimlərindən biri Bədəl bəy Bəşir oğlu Bədəlbəyev (1875-1932) Şuşada anadan olmuşdur. Bada Cəfər Cabbarlı, Mehdi Məmmədov olmaqla bir çox istedadlı gənclər onun tələbəsi olmuşlar. Respublikanın xalq artistləri Əfrasiyyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli onun oğlu, Fərhad Bədəlbəyli isə Bədəl Bədəlbəyevin nəvəsidir.

Şuşanın yetişdirdiyi şəxsiyyətlərdən biri Əhməd bəy Ağayev (1869-1939) Azərbaycanın milli mübarizə tarixində görkəmli rol oynamış ideoloqlardan biridir. Türk dünyasında "Əhməd bəy Ağaoğlu" kimi tanınan Əhməd bəy ömrünün 50 ilini publisistika və jurnalistika ilə məşğul olmuşdur.

Şuşa XVIII əsrin II yarısından musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanədələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinsiki, Mütəllim Mütəllimov, Rəşid Behbudov, Qədir Rüstəmov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır.

Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması şərq musiqisinin günəşi Üzeyir bəy Hacıbəyovun (1885-1948) adı ilə bağlıdır. Üzeyir bəy dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi kimi tanınmaqla yanaşı, tarixdə istedadlı jurnlist, gökəmli dramaturq və mahir bir musiqişünas kimi də tanınır.

Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança və qarmon çalanlar da yetişmişdi. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ən məşhur sənətkarlar olmuşlar.

Şuşa onun qoynunda böyüyüb boy atmış, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur .

Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov , Süleyman Ələsgərov və bir çox başqaları öz gənclik illərini "Qız qayası"nda, "Üç mıx"da, "Cıdır düzü"ndə, "Çanaxqala"da keçirmişlər.

Azərbaycan musiqi sənətinin tədqiqatçısı, görkəmli musiqişünas Firidun Şuşinski də Şuşada doğulmuşdur. Şuşanın verdiyi nadir istedadlardan biri də gökəmli incəsənət xadimi Mehdi Məmmədovdur (1918-1985). O milli dramaturgiya, incəsənət nəzəriyyəsi və estetikaya aid bir sıra əsərlərin müəllifidir. Azərbaycan teatr sənətinin parlaq ulduzlarından olan Barat Həbib qızı Şəkinsaya 1914-cü ildə Şuşada anadan olmuşdur. Barat xanım İbrahim xanın nəslindəndir. Şuşa görkəmli memarların, xəttatların, nəqqaşların və istedadlı rəssamların Vətəni kimi də məşhurdur. Müasir şuşalı rəssamlardan Lətif Kərimov, Cəlal Qaryağdını, Əmir Hacıyevi, Nadir Əbdürrəhmanovu və Toğrul Nərimanbəyovu göstərmək olar. Şuşanın yetişdirdiyi rəssamlar arasında Lətif Kərimovun adı və sənəti müstəsna yer tutur. Azərbaycanda yeni xalça ornamentlərinin və məzmunlu xalçaların yaradılmasında Lətif Kərimovun xidmətləri böyükdür.

Azərbaycan ordusun görkəmli hərbi xadimlərindən biri olan general Mehmandarov 1856-cı ildə Şuşa şəhərində məşhur - "Mehmandarovlar ailəsi"ndə anadan olmuşdur. Azərbaycanda Demokratik Respublika yaradılarkən Səməd bəy respublikanın ilk hərbi naziri olmuşdur.

Şuşanın yetişdirdiyi görkəmli sərkərdələrindən biri də Stalinqrad qəhrəmanı general Yaqub Allahqulu oğlu Quliyevdir.

Azərbaycanın qəhrəman oğlu Aslan Fərhad oğlu Vəzirov 1910-cu ildə Şuşada anadan olmuşdur.

Sovet İttifaqı Qəhrəmanı mayor Xəlil Məmmədov (1916-1989) da Şuşanın yetişdirdiyi qəhrəmanlarından biridir.

Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Cəlal Eyvaz oğlu Allahverdiyev 1929-cu ildə Şuşada şəhərində anadan olmuşdur.

Tarix elmləri doktoru, professor Azərbaycan SSR dövlət mükafatı laureatı Cəmil Bahadur oğlu Quliyev 1927-ci ildə Şuşa şəhərində anadan olub.

Azərbaycan SSR xalq artisti "Şərəf nişanı" ordenli Sürəyya Sədrəddin qızı Qacar 1910-cu ildə Şuşada anadan olub.Kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, Rüstəmov Paşa Həbib oğlu 1920-ci ildə Şuşa şəhərində doğulmuşdur.

ŞUŞADA MUSIQI SƏNƏTININ INKIŞAF TARIXI

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur - Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun. XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə Şuşada yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə

və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Mirzə Sadıq (Sadıxcan) və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal Məşədi cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".

Şuşa Qafqazının konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Mirzə Sadıqin (Sadıxcanın), Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı

deyil.

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu,

muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.

Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın)

dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında).

Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir. Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.

50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. Fikrət Əmirov (1922-1984) musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi,

obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.

F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir.

Niyazinin "Xosrov və Şirin" (1942) operası Böyük Vətən müharibəsi illərinin məhsuludur.

Azərbaycan opera muğənnisi (lirik-dramatik tenor), xanəndə, musiqi folkloru tədqiqatçısı, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbül də Şuşa mədəniyyət ocağının yetirməsidir. Bülbül Qərbi Avropa və rus klassiklərinin əsərləri, xalq mahnıları, romanslarının ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaratmışdır.

Bül-bülün ifaçılığında milli vokal üslubu ilə italyan vokal üslubu üzvi şəkildə birləşirdi. “Koroğlu”, “Arşın mal alan”, “Şahsənəm”, “Nizami”, “Xosrov və Şirin”, “Vətən” və digər operaların baş rollarının mahir ifaçısı olmuşdur.

Bülbülün redaktəsi ilə "50 Azərbaycan el mahnısı" (1938) və “Azərbaycan xalq mahnıları” (1956, 58) çap edilib.

Bülbül 2 Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni və medallarla təltif edilmişdir.

Azərbaycan musiqi mədəniyyəti tarixində bir neçə nəslin, soyadın dərin izi var. Əsrlərdən boylanan səslərin içində Behbudovların əks-sədası aydın bir şəkildə eşidilir. Bu nəslin sənət yolunun ilk cığır açanı Azərbaycan musiqi sənəti məktəbinin görkəmli nümayəndəsi Məcid Behbudov (1873 -1945) olmuşdur. Sənətkardakı qeyri-adi səsin yaranması Azərbaycanda Şərqin konservatoriyası kimi şöhrətlənən Şuşada dünyaya gəlməsi ilə əlaqədardır. Buranın zəngin təbii mühiti, eləcə də, ab-havası M.Behbudovu sənətkar kimi yetişdirməyə bilməzdi. Təbiətin mənzərəsi, təmiz hava, təmiz su və s. musiqiçini səs imkanlarından lazımi səviyyədə istifadə etməsinə əsas meyarlardandır. Bu nəslin layiqli davamçısı respublikanın xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı dünya şöhrətli sənətçi Rəşid Behbudov (1915-1988) olmuşdur.

XX əsrin birinci yarısında Azərbaycan musiqili teatr aləmində Əfrasiyab (1907-1976) və Şəmsi (1911-1986) Bədəlbəylilərin adları özünəməxsus mühüm yer tutur.

1940-cı il 18 sentyabr günü opera və balet teatrının söhnəsində "Qız qalası" baleti tamaşaya qoyuldu. Baletin müəllifi görkəmli bəstəkar Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli Azərbaycanda ilk milli balet məktəbinin yolunu açdı. Digər musiqi əsərləri, dirijorluğu, bir sıra balet və dram tamaşalarına librettoları, xalq musiqisinə dair mülahizələri, tərcümələri və ictimai fəaliyyəti – bunların hamısı bəstəkar, pedaqoq, alim Əfrasiyab Bədəlbəylinin Azərbaycan milli musiqimizin, musiqi

elmimizin təşəkkülü və inkişafı yolunda yaratdığı irsidir.

Azərbaycanda musiqili-komediya teatrının yaranması və onun müasir inkişaf mərhələsi yenə də XX əsrin birinci yarısınа təsadüf edir. Yeni yaranan mədəniyyət ocağanın direktor və bədii rəhbər vəzifəsini Şəmsi Bədəl oğlu Bədəlbəyliyə həvalə olunmuşdur. "Ürək çalanlar", "Gözün aydın", "Ulduz", "Durna", "Hacı Qara", "Hicran" və şübhəsiz ki, "Arşın mal alan" və "Məşədi Ibad" və bir çox başqa musiqili komediya tamaşaları Şəmsi Bədəlbəylinin bizlərə qoyduğu yaradıcılıq irsidir.

Bədəlbəylilər nəslinin layiqli davamçısı yaradıcılıq fəaliyyətiylə Azərbaycanda ifaçılıq sənətinin ənənələrini inkişaf etdirən istedadlı pianoçu, Beynəlxalq mükafatlar laureatı, xalq artisti, professor Fərhad Şəmsi oğlu Bədəlbəylidir (1947).

Xalqın yüksək mədəniyyətini dünya miqyasında təbliğ edən, bənzərsiz ifası ilə millətimizin sənət varlığını nümayiş etdirən Fərhad Bədəlbəyli fortepiano məktəbinin ən parlaq nümayəndəsidir.

 Azərbaycan Respublikası haqqında ümumi məlumat

Azərbaycan Respublikasının İnzibati Ərazisi 

ŞUŞA AZƏRBAYCANIN ISTIRAHƏT VƏ TURIZM MƏRKƏZI OLMUŞDUR

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət güşələrinə görə məşhur idi.

Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb. Bu möcüzəni bələnmiş uşağa da bənzədirlər. Bu endemik gül həm gözəl, həm də müalicəvidir və ondan xalq təbabətində istifadə olunur. Qəribədir ki, xarı bülbül Şuşadan başqa Azərbaycanın heç bir yerində rast gəlinmir.

Yay aylarında təbiətin qoynundakı istirahət zonalarında adam əlindən tərpənmək olmurdu. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Yuxarı Daşaltı (Şəmilin bulağı), əfsanəvi "Cıdır düzü" yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.

Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda - Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Yay aylarında respublikanın müxtəlif yerlərindən buraya gəlib, alaçıq qurur, həm də müalicə olunurdular. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli, görməli yerləri həddindən artıq çox idi. Onlardan biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu istirahət zonasına Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Doğrudan da, Şuşa təbiətin bizə bəxş etdiyi bir möcüzədir. Tarixi abidələrlə zəngin olan bu şəhər dağlarla, sıldırım qayalarla əhatə olunub. O vaxtkı SSRİ-nin ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi "Cıdır düzü" idi.

"Cıdır düzü"nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri də "Cıdır düzü" idi. Hər il may aylarında "Xarı-büldül" mahnı festivalları "Cıdır düzü"ndə keçirilirdi. Çal-çağır, musiqi sədaları hər tərəfə yayılırdı. Bir tərəfdən saf, mülayim hava, gül-çiçəklərin qoxusu, digər yandan da Şuşa pəhləvanlarının çıxışları, at çapan igidlərin yarışı bura gələnləri valeh edirdi. Şuşalıların idmana da böyük marağı var idi. "Qala" futbol komandasının şəhərin mərkəzində kiçik bir meydançası var idi. Bundan başqa, "Cıdır düzü"ndə yerləşən idman kompleksində hər il yaz aylarında şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futbol yarışları keçirilirdi. Həmin kompeksdə məktəblilər arasında hərbi-vətənpərvərlik mövzusunda "Üfüqdə parıltı" idman oyunları təşkil olunurdu. Voleybolçu qızlar da həmişə uğurlar əldə edirdi. Onlar 1986-cı ildə 1970-1971-ci il təvəllüdlü qızlar arasında keçirilən Respublika çempionatında Azərbaycan çempionu adına layiq

görülmüşdülər.

Sağlamlıq məktəbində yerləşən idman qurğularında isə dzüdoçular, güləşçilər, pəhləvanlar fəaliyyət göstərirdilər. Biz əzəli Azərbaycan torpağı olan Şuşanı geri qaytarmayınca bu gözəllikləri seyr edə bilməyəcəyik. Bir təskinliyimiz də odur ki, doğma Şuşamızla qovuşacağımız vaxta çox qalmamışdır. Biz neçə illərdir ki, həsrətini çəkdiyimiz o dağlar gözəli ilə yenidən görüşəcək, ona ürəyimiz istədiyi qədər nəğmələr qoşacağıq.

ŞUŞANIN ERMƏNILƏR TƏRƏFINDƏN IŞĞALI

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirdi. Erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə səhər saat 6-dək şəhəri kütləvi şəkildə artilleriya atəşinə tutdu. Uzun sürən artilleriya atəşindən sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən şəhərə hücuma keçdi və Şuşa işğal edildi.

Şuşanın işğalı ilə faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Işğalı zamanı 200-ə yaxın insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal nəticəsində 600 yaxın tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsinin, 22 ümumtəhsil məktəbin, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarının, orta ixtisas musiqi məktəbinin, 8 mədəniyyət evinin, 14 klubun, 20 kitabxananın, 2 kinoteatrın, 3 muzeyin, turist bazasının, şərq musiqi alətləri fabriki və yüzlərlə digər mədəni abidələr dağıdılıb.

ERMƏNISTANIN AZƏRBAYCANA QARŞI IŞĞALÇILIQ SIYASƏTI VƏ ONUN NƏTICƏLƏRI

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:

• Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);

• Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2;

• Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2;

• Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2;

• Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2;

• Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;

• Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2;

• Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.

Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.

Rəsmi məlumata görə, I Qarabağ müharibəsi zamanı 4471 nəfər itkin düşüb. Onların 3591 nəfəri hərbçi, 880 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin 51 nəfəri uşaq (17 nəfər azyaşlı qız), 384 nəfəri yaşlılardır (175 nəfər qadın).

451 nəfərin erməni əsir və girovluğunda amansızcasına qətlə yetirildiyi müəyyən edilmişdir. Onların 365 nəfəri kişi, 86 nəfəri qadınlardır.

Ermənilər əsir və girovların həqiqi sayını beynəlxalq təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.

İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd

təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır.

Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox

arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.

Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

12 may 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Nəşrdə “Heydər Əliyev Fondunun, Dəyərlər”AİN və “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla

əlaqədar Dövlət Komissiyası”nın materiallarından istifadə olunmuşdur.

 

P.S. Çox maraqlıdır ki, bu qədər dahi  azərbaycanlılar yetişdirən Şuşa erməni millətindən yalnız yaxşı ayyaqqabı təmirçiləri yetişdirə bilmişdir.
Previous Post Next Post