- 1988-ci ildən sonra kütləvi terrora məruz qalmış azərbaycanlılar Qərbi Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qalmış və bundan sonra bu ərazidə azərbaycanlılara məxsus olan maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıntılara, məhvə məhkum olmuşdur.
Zəngəzurun Urud (Oront) qəbristanlığında 1961-ci ildə aşkar edilmiş XY-XYI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edərək, ondan əvvəl mövcud olan Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını alt- üst etdi.
Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin «azərbaycanlılar Qafqaza gəlmə xalqdır» fikrini rədd edirdi.
Erməni "alimləri" xəttat savadsız olmuş, kitabəni səhv yazmış deyə avlade-avğvan (alban övladları) sözünə hərflər əlavə edərək "avlağum vağudlu" kimi oxumuşlar. A.D.Papazyanın yazdığına görə Orbelyan nəslindən olan avlagum vagudluları Əmir Teymur türkləşdirdi və islamı qəbul etdirdi. Həmən Urud qəbristanlığında yatanlar da onlardır. Azərbaycanlılar heç vaxt Zəngəzurda (Sisian) yaşamamışlar və Zəngəzur Azərbaycan torpağı deyil. Lakin A.D.Papazyanın çap etdirdiyi üç cildlik əsərində nəşr etdirdiyi sənədlərdə Zəngəzurun Naxçıvana, Naxçıvanın isə Azərbaycan ölkəsinə daxil olduğu sübut olunur.
Z.S. Xaçikyan yazır ki, Teymurun istilası zamanı Syunikdə yaşamış avlagum vagudlular islamı qəbul etməsinlər deyə, Gürcüstanın dağlarına köçdülər.
Urud kəşflərindən sonra Papazyan, Xaçatryan və Aleksan Akopyan 1986-cı ildə Sov.İKP Mərkəzi Komitəsinə 30 səhifəlik böhtan dolu yazı ünvanladılar. Burada onlar M.Neməti "Sovet konstitusiyası, proletar beynəlmiləlçiliyi və çoxmillətli ölkəmizin qanunlarına zidd çıxmağında" ittiham edirdilər. Lakin çox çəkmədi bunlardan sonuncunun adı "xalqını uçuruma aparan, millətçilik hisslərini alovlandıranlar sırasında çəkildi" Bundan sonra Urud qəbristanlığı dağıdıldı və Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salındılar.
Məqsəd üç dəniz arasında (Aralıq, Qara, Xəzər) "Böyük Ermənistan" dövlətinin tarixən mövcudluğunu sübut etməkdir. Bu saxtakarlığın bariz nümunəsi kimi A.A.Xaçatryanın "Korpus arabskix nadpisey Armenii XIII - XYI vv." əsərini qeyd etmək olar. Burada müəllif Türkiyənin İxlat, Ərzincan, Ərzrum, Azərbaycanın tarixi və müasir ərazisindəki Zəngəzur, Çuxur-Səd, Naxçıvan, Göycə ərazisində olan abidələri daxil etmişdir.
O abidələrin cografiyasını və xronologiyasını qarışdıraraq, sözlərə hərflər əlavə etməklə saxtakarlıqlara yol vermişdir.
Tarixi mənbələri təhrif edərək Əbdürrəşid Bakuinin " Kitab-i Təlxis əl-asar və əcayib əl-məlik əlgəhhar" əsərində "Abşeronda xristianlar yaşamış" ifadəsini saxtalaşdıraraq "Abşeronda ermənilər yaşamış" sözləri ilə əvəz etmişdir. Dağıda bilmədiklərini isə erməni milli memarlıq abidəsi kimi təbliğ edirlər.
Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu - İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilmiş karvansaranı "erməni milli memarlıq abidəsi"kimi nəşr etdirmişlər. Həmən yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya ibn Məhəmməd türbəsinin qapısı üzərində qoyulmuş kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIY əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Məcdəddinin adı yazılmışdır.
Abidənin içərisində erməni dilində divara bir yazı qoyulmuşdur. Bu yazıda olan mətnlə qapının üzərinə hörülmüş yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki "tatarlar" (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı vermiş və ərəbcə yazını qapının üzərinə qoymuşlar. Halbuki, ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülmüşdür. Maraqlısı odur ki,
Ermənilərin çap etdikləri bukletdə karvansara Səlim karvansarası adı ilə çap olunub
İstər-istəməz belə bir sual meydana çıxır, əgər bu, erməni milli-mədəni abidəsidirsə, niyə ermənilər bunu "tatarlar" adlandırdıqları kimi adlandırırlar?
Erməniləşdirmək istədikləri digər abidə Azərbaycan Qaraqoyunlu dövləti, Çuxur-Səd əmirlərinə aid İrəvanın 8 kilometrliyində Cəfərabad (indiki Arqavanq) kəndində yerləşən möhtəşəm türbədir.
Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparmış və belə bir qənaətə gəlmişlər ki, Qaraqoyunlu dövləti İran dövləti olub, onun başında türkmən (müasir türkmənləri nəzərdə tuturlar) əmirləri durub və ərazisində erməni maddi-mədəniyyət abidəsi olub. Bu cəfəng elmi nəticə yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Qaraqoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək qeyri - elmi və düzgün deyil, ona görə ki, onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türkləri idi və türkəman adlanan yarımköçəri tayfa birləşmələrindən ibarət idi.
Onların mərkəz vilayətləri Arjiş Van gölünün şimalında yerləşirdi. Bundan əlavə memarlıq-konstruktiv formasına görə bu abidə Naxçıvanda yerləşən Möminə xatun və Yusif bin Kəbir türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr memarlıq məktəbinin davamıdır.
Qeyd olunan yerdə bir neçə türbə və azərbaycanlılara məxsus böyük qəbristanlıq olmuşdur. Hamısı dağıdılıb.
İrəvan şəhərində Göy Məscidin kompleksində yerləşən Mədrəsə binasının hücrələrindən birində mərmər başdaşının üzərində h.1330=1911-12 il Abasquluxan yazılmışdır. Abasqulu ağa İrəvanski İrəvanın görkəmli maarifpərvərlərindən biri olmuş, İrəvanda maarifin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynamışdı. Arxiv sənədlərindən məlumdur ki, 1898-ci ildə bir qrup İrəvan ziyalıları Göy məscidə toplaşaraq məscidin nəzdində məktəb açmaq qərarına gəlirlər və bu məktəbin maliyyələşdirilməsini öz üzərlərinə götürürlər.
Mehrinin Nüvədi kəndində bir neçə abidə qeydə alınmışdır. Bunlardan biri Anqizet qəbristanlığında Şeyx oğlu Şeyx Mirin baş daşı, digəri Quş fermasının yerində orta əsr qəbristanlığıdır. Üzərində dəfn olunanın adı qalmışdır. Kitabəni kufi xəttinə görə XIII əsrə aid etmək olar. Nüvədi kənd qəbristanlığında Məsumənin yerli daşdan və mərmərdən hazırlanmış başdaşıları mövcud idi.
Zəngəzur dağlarında Baba Hacı türbəsi daha əvvələ aiddir. Ətrafda böyük qəbristanlıq olub.
Zəngəzurun Ələyaz kəndində Əxi Təvəkkül türbəsini də misal göstərmək olar.
1915-ci ildə Zəngəzurda və İrəvan quberniyasının ərazisində 38 və 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərirdi. İrəvan quberniyasında məscidlərin artma dinamikası isə 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə isə 382 idi.
Bunlar müsəlman əhalisin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir.
İrəvan quberniyasının Eçmiədzin qəzasında 36 prixod məscidi, Sürməli qəzasında 47 prixod məscidi, Şərur-Dərələyaz qəzasında 63 prixod məscidi, Novobayəzed qəzasında 14 prixod məscidi, İrəvan qəzasında 54 prixod məscidi fəaliyyət göstərirdi. Prixod məscidləri kənd soveti rolunu oynayırdı. Burada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların hesabı aparılırdı. Hər prixodun mollası var idi və o, Qubernator tərəfindən təyin olunurdu). Ümumən XIX əsrin sonunda İrəvan quberniyasında 233 şiə və 14 sünnü məscid prixodları fəaliyyət göstərirdi.
İrəvan şəhərində XX-ci əsrin əvvəlinə kimi Qədim Şəhər məscidi, Came məscidi, Hacı Novruzəlibəy məscidi, Hacı İmamverdibəy məscidi, Mirzə Səfibəy məscidi, Hacı Cəfərbəy məscidi fəaliyyət göstərirdi.
Toponimlər konkret etnosun konkret coğrafi məkanda təşəkkülünü göstərən ən tutarlı sənəddir. Ona görə də Ermənilər əraziləri azərbaycanlıardan təmizlədikcə, ilk növbədə yer adlarını dəyişdirirlər .Demək olar ki, bütün toponimlər erməniləşdirilib. Adını çəkdiyimiz Urud-Oront, Cəfərabad-Arqavanq, Zeyvə- Metsamor və s. adlandırılıb. Bu da azərbaycanlıların bu torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədini güdür.
Zəngəzurun Pir Davudan kəndində XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun məqbərəsi var idi. Qara Vəli kəndində 7-ci imam Museyi Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşirdi. Hazırda dağıdılıb.
İrəvan məscidlərinin İrəvan quberniyasının müxtəlif yerlərində vəqf əmlakları yerləşirdi. Bu, əsasən torpaq sahələri, dükanlar idi. Sənədlərdən göründüyü kimi vəqf əmlaklarının sərhəd olduğu torpaqlar azərbaycanlılara məxsus idi. Bu da öz növbəsində bu regionda azərbaycanlıların çoxluq təşkil etdiyindən xəbər verir.
Mənbələrə əsasən demək olar ki, 1919-cu ildə İrəvan quberniyasının Şərur-Dərələyaz qəzasında azərbaycanlılar əhalinin 72,3% , Sürmə