Azərbaycana gələn və ya burada bərpa olunan ideyaları özünəməxsus atributları müşayiət edirdi. Qeyd etmək lazımdır ki, milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyəti Bozqurd işarəsini öz ideya mənsubiyyəti üçün simvol seçmişlər.
Milli Hərəkatımızla həmdövr olaraq əvvəllər mən bu işarənin Türkiyə Cümhuriyyətindəki türkçü kəsimdə meydana gəldiyini düşünürdüm. Amma sonralar öyrəndim ki, Türkiyə Cümhuriyyətində bu işarə çox gəncdir. Maraqlıdır ki, bu işarəni Türkiyəyə gətirən Moldova Respublikasındakı türkköklü Qaqauz Muxtariyyətinin sabiq mədəniyyət naziri, qaqauzların Milli Muxtariyyət Uğrunda Hərəkatının öncüllərindən biri Mariya Maruneviç olmuşdur. Tanıdığım, yazışdığım Türkiyə ülküçülərinin yaşlı nəsil nümayəndələri də bildirirlər ki, o dövrdə Türkiyə rəsmiləri ilə görüşən Mariya Maruneviç televiziya kameraları qarşısında bu işarəni tez-tez salamlama kimi nümayiş etdirirmiş. Şəxsi görüşlərində və verdiyi müsahibələrində isə bu işarənin açımını belə izah edirdi: «Biz qaqauzların etnoqrafik ənənələrində bu işarə qurd mənasını verir və alqışlama anlamındadır. Bu işarə təkcə qaqauzlarda deyil, Karpat, Balkan türkləri arasında da etnoqrafik simvol kimi etnoloqlar tərəfindən geniş müşahidə edilmişdir. Bayram mərasimlərində yarışlar zamanı qalibi bu işarə ilə alqışlayırdılar».
Tezliklə bu işarə Türkiyə vətənpərvərləri, millətsevərləri və hətta futbol fanatları arasında da geniş yayılmağa başlayır. Amma Türkiyədə bu işarənin daha geniş tanınmasına təkan Azərbaycandan gəldi.
1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəylə birgə Azadlıq meydanındakı tribunada duraraq böyük izdiham qarşısında alovlu çıxışını bitirdikdən sonra mərhum Alparslan Türkeş Bozqurd işarəsini tutdu (canlı şahid kimi indiyədək bu tarixi hadisəni unuda bilmirəm). Bu kadrlar Türkiyə telekanalları ilə nümayiş etdirildikdən sonra Bozqurd işarəsi artıq bütün Türk dünyasında məşhurlaşdı.
Alparslan Türkeş Türkiyədə Turançı Hərəkatın öncüllərindən biri olan Osman Bölükbaşı ilə görüşü zamanı ona Bozqurd işarəsinə özünün verdiyi açımı anlatmışdı: «Çeçələ barmaq «Türk» deməkdir, işarə barmağı «İslam», aradakı iki barmaq üzəri «cahan», üç barmağın birləşməsi isə «möhür» anlamındadır. İşarənin mənası budur: Türk dünyaya İslam möhürü vuracaq»!.
Mətbuatda və bəzi internet səhifələrində simgənin açılışı ilə bağlı məlumatlar var. Biz bu haqda Professor Firudin Ağasıoğluna da müraciət etdik. Firudin Ağasıoğlunun bizə göndərdiyi cavabı olduğu kimi məqaləyə daxil etdik. “Türklərin savaş uranı olan bozqurd, yeni yurd salanda, savaşa gedəndə qabağa düşüb bələdçilik edir, Tanrıçılıqda savaş iyəsinin simvoludur, günəş şüası şəklində yerə enir, atılmış oğlan uşağına süd verir.... bütün bu özəlliklər bozqurdun qutsal sayılmasına səbəb olmuşdur. Bu daş heykəllərin biri Altayda, o biri İtaliyadadı. Bozqurd işarəsinə barmaqlara görə məna verməyi sonralar Türkeş bəy məndən soruşdu, mən də dedim ki, qaynaqlarda belə şey yoxdu, bozqurd inamı olanda islam hələ yaranmamışdı, dedi nasıl yorum yapalım, gedim buna lüzum yok. Bu barmaq işarəsi sadəcə qurdun başını göstərmək üçündür, vəssalam.”
Bozqurd işarəsinin digər qədim kökləri barədə bilgilər və mülahizələr də vardır.
2000-ci illərin əvvəllərində Çinin Kansu əyalətinin Dunghuan şəhərinə yaxın Mogau mağarasında Buddist türklərə aid heykəlcik aşkar edilmişdi. Tarixçilərin fikrincə, VI əsrə aid olan bu heykəlcik bu ərazilərin qədim əhalisi olmuş türklərin hansısa bir xaqanını təsvir edirdi. Çox maraqlıdır ki, xaqan sağ əlilə Bozqurda bənzəyən işarə tutmuşdu. Amma bu interpretasiya indiyədək mübahisəlidir. Bəzilərinin fikrincə, bu Buddist «Nirvanada sükunət, müdriklik» işarəsi kimi də yozula bilərdi. Hər halda heykəlciyin Türk xaqanını simvolizə etdiyini əksər alimlər qəbul etmişlər.
Türkiyənin Qazi Univesitetinin Türk Dili Bölümündə dərs deyən doktor Veli Savaş YELOK Çindəki uyğurların etnoqrafiyasını tədqiq edərkən maraqlı faktlara rast gəlmişdir. Doktor Veli Savaş Yelok bunları yazır: “Urumçi ətrafında yaşayan uyğur türklərinin tarixi və etnoqrafiyası araşdırılarkən onların babalarına aid məzarlarında islama və buddizmə çox az sayda, şamanizmə (Tanrıçılığa) isə daha çox aid olan izlər aşkar edildi. Yerli əhalinin danışdığı əfsanəyə görə, Urumçidən şimala doğru dağın (uyğurlar bu dağa Qızıldağ deyirdilər) zirvəsində vaxtilə daşdan yonulmuş qədim bir Bozqurd heykəli var idi. Həmin yer ağır pir kimi hesab olunurdu. Amma sonralar Buddizmin yayılması ilə əlaqədar həmin heykəl uçuruldu və yerində buddist monastr inşa edildi. Tarixin sonrakı gedişatında Buddizmi İslam əvəz etdi.
Möhtəşəm dinlərin əvəzlənməsinə baxmayaraq, Qızıldağ ətrafında yaşayan uyğurlarda indiyədək belə bir adət yaşayır. Hər il Novruz bayramı axşamlarında (20-23 mart) ətraf kəndlərin əhalisi ürəklərində niyyət edib, sol əllərində yanmış şam tutaraq sağ əlləri ilə Bozqurda oxşayan işarəni tuturlar”.
Türk dünyasına nifrət bəsləyən bəzi qüvvələr belə bir yanlış fikir yaratmaq istəyirlər ki, Bozqurd işarəsi «Türk irqçilərinin» işarəsidir, «Türk irqçiliyini» simvolizə edir. Amma bu yanlış və qərəzli bir uydurmadır.
Tarix boyu türklərdə irqçilik olmamışdır. Bu gün Uyğurustandan Avropaya kimi böyük bir ərazidə yaşayan türklər bu işarəni «Turan həmrəyliyi»nin simgəsi kimi qəbul edirlər. Əgər biz Avropada geniş yayılmış irqçilik ideyası ilə və bu ideyanı müşayiət edən «Roma salamlaşması» ilə Turançılığı və Bozqurd işarəsini müqayisə etsək, fərqi əyani görərik. Belə ki, antropoloji cəhətdən müxtəlif irqi tiplərə aid olan Türk millətləri üçün Bozqurd işarəsi bir etnokultur mənsubiyyəti, həmrəyliyi nümayiş etdirir. Hətta Avropanın bir hissəsi olan Macarıstanda da bu işarə Turançılıq simvolu kimi populyarlaşıb. Yəni, Bozqurd işarəsi istər yaranışında, istərsə də sonrakı transformasiyasında hansısa millətin, soyun, etnosun digərindən “üstünlüyünü”, digərinə nifrəti təcəssüm etməyib. Bu simgə dar mənasında xoşniyyətli salamlama, alqışlama, geniş mənasında isə, müxtəlif milli-etnik, antropoloji və etnoqrafik toplumların sintezini özündə birləşdirən “turanlı” anlamını əks etdirir.
P.S.
Özünü “ari irqinin təəssübkeşi” sayan bəzilərinin nəzərinə çatdırım ki,
Mussolini İtaliyasında və Hitler Almaniyasında irqçilərin (italiyalı
faşistlərin və alman nasilərinin) istifadə etdikləri “Roma salamlaması”
heç də romalılara mənsub deyildi. Öz kökü ilə bu işarə etnik və
lingvistik mənsubiyyəti mübahisəli, heç “ari” və ya “hind-avropalı”
olmayan etrusklara gedib çıxır. Qədim köçəri türklər, orta əsrlərin
yapon samurayları, söqünları və zadəganları da bu salamlamadan istifadə
edirdilər.